IMG-LOGO

Anatoli Banişevskinin xatirəsinə həsr olunan "Bakı Kuboku" beynəlxalq turniri keçiriləcək

17 Mar 2026 21:52 4 baxış
IMG

"Neftçi" və Rusiyanın "Dinamo" (Moskva) klubunun birgə təşkilatçılığı ilə Azərbaycan futbolunun əfsanəvi hücumçusu Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş "Bakı Kuboku" beynəlxalq turniri keçiriləcək.

"Report" xəbər verir ki, 2015-ci il və daha kiçik təvəllüdlü futbolçular arasında təşkil olunacaq turnir martın 19-dan 21-dək "Palms Sports" Futbol Mərkəzində baş tutacaq.

Turnirin B qrupunda "Neftçi" "Dinamo (Voronej, Rusiya), "Göztepe" (Türkiyə) və "Qarabağ" ilə mübarizə aparacaq. A qrupunda isə "Dinamo" (Moskva), "Beşiktaş" (Türkiyə), "Kayrat" (Qazaxıstan) və "Ulduz" komandaları yer alıblar.

Oyun təqviminə əsasən, "Neftçi" martın 19-da "Dinamo" (Voronej) və "Qarabağ", martın 20-də isə "Göztepe" ilə qarşılaşacaq.

Reqlamentə uyğun olaraq, martın 20-də A qrupunun qalibi B qrupunun ikincisi ilə, B qrupunun qalibi isə A qrupunun ikincisi ilə üz-üzə gələcək. Qruplarda 3-cü və 4-cü yeri tutan komandalar da eyni prinsip əsasında oyunlar keçirəcəklər.

Turnirin son günü – martın 21-də 7-ci, 5-ci və 3-cü yerlər uğrunda oyunlar, eləcə də final görüşü keçiriləcək. Həlledici matçdan sonra mükafatlandırma mərasimi təşkil olunacaq.

Qeyd edək ki, "Bakı Kuboku" beynəlxalq turnirinin bütün oyunları "Neftçi" TV vasitəsilə canlı yayımlanacaq.

Xəbər lenti