IMG-LOGO

Qazaxıstan neftinin Azərbaycan üzərindən tranzit daşınmasının həcmi 4 milyon tona çatdırılıb

17 Mar 2026 17:42 3 baxış
IMG

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "KazMunayQaz" (KMG) şirkəti Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması layihəsini uğurla davam etdirərək tranzit həcmini 4 milyon tona çatdırıblar.

Bu barədə "Report"a SOCAR-dan məlumat verilib.

Bildirilib ki, Qazaxıstan neftinin 427-ci partiyası "Prezident Heydər Əliyev" tankeri ilə martın 12-də Aktau limanından çıxıb və martın 13-də "Azərtrans" Səngəçal terminalına çatıb.

Bu günədək tranzit edilən həcmdən 3,8 milyon ton "Tengiz" yatağının, 200 min ton isə "Kaşağan" yatağının payına düşür.

Qeyd edək ki, "Tengiz" neftinin ilk partiyası 23 mart 2023-cü ildə, "Kaşağan" neftinin ilk partiyası isə 27 yanvar 2025-ci ildə Aktaudan Bakıya çatdırılıb. Aktau limanından Səngəçal terminalına tədarük edilən Qazaxıstan nefti sonradan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə Ceyhan limanına nəql edilir, oradan dünya bazarlarına göndərilir.

Layihədə Azərbaycan tərəfini SOCAR-ın törəmə müəssisəsi "SOCAR Midstream Operations" MMC təmsil edir.

Xatırladaq ki, 2022-ci ilin noyabrında SOCAR və KMG Aktau–Ceyhan marşrutu üzrə BTC vasitəsilə ildə 1,5 milyon ton "Tengiz" neftinin tranziti ilə bağlı Çərçivə Sazişi imzalayıblar. 2024-cü ilin mart ayında SOCAR və KMG illik tranzit həcmlərinin artırılması, habelə Qazaxıstan neftinin alqı-satqısı üzrə Strateji Əməkdaşlıq Memorandumu imzalayıblar. 15 yanvar 2025-ci il tarixində SOCAR və KMG mövcud "Tengiz" həcmlərinə əlavə olaraq ildə 240 min ton "Kaşaqan" neftinin tranzitini nəzərdə tutan Çərçivə Sazişi imzalayıblar.

BTC vasitəsilə Azərbaycandan "Azəri-Çıraq-Günəşli" nefti və "Şahdəniz" kondensatı, eləcə də digər mənbələrdən xam neft və kondensat həcmləri nəql olunur. BTC-nin hazırkı ötürmə gücü gündə 1,2 milyon barel və ya ildə 50 milyon ton təşkil edir.

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2025-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 619 milyon ton (4,7 milyard bareldən çox) xam neft nəql edilmiş və Ceyhanda 6145 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Xəbər lenti