Pakistanın Baş naziri Şahbaz Şərif və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün baş tutan telefon danışığı zamanı ikitərəfli münasibətləri, eləcə də regional prosesləri müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə Pakistan lideri "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Bu gün Prezident Kasım-Jomart Tokayevlə telefon danışığım oldu. Onu konstitusiya referendumunun uğurla keçirilməsi münasibətilə təbrik etdim. Biz, həmçinin regional hadisələrlə bağlı fikir mübadiləsi apardıq, davamlı sülh və sabitlik üçün diplomatiya və dialoqun vacibliyini vurğuladıq", - Şərif vurğulayıb.
Pakistan Baş naziri qeyd edib ki, Qazaxıstan Prezidenti ilə İslamabad və Astana arasında xüsusilə ticarət, nəqliyyat bağlantısı və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə sadiqliyi müzakirə edib.