Bolqarıstan Azərbaycandan qaz tədarükünə dair uzunmüddətli müqavilələr sayəsində Avropa İttifaqı (Aİ) ölkələri arasında energetika baxımından əhəmiyyətli dərəcədə əlverişli mövqedədir.
"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə jurnalistlərə Bolqarıstanın xarici işlər naziri vəzifəsini icra edən Nadejda Neynski bildirib.
"Azərbaycandan qaz tədarükünə dair uzunmüddətli müqavilələr sayəsində Bolqarıstan neft qiymətlərinin kəskin artmasının yaratdığı böhran şəraitində nisbətən daha əlverişli mövqedə qərarlaşıb", - o bildirib.
XİN rəhbəri hesab edir ki, Bolqarıstanın hələ öz qaz ehtiyatlarından istifadə etməsinə ehtiyac olmayıb. "Düşünürəm ki, onlardan istifadə olunmur, çünki Bolqarıstan bu yaxınlarda LNG terminalı vasitəsilə 100 milyon kubmetr mayeləşdirilmiş təbii qaz alıb, özü də köhnə qiymətlərlə", - o deyib.
N.Neynski qeyd edib ki, enerji resursları Bolqarıstana əsasən Qara dəniz vasitəsilə tədarük edilir, müvafiq olaraq, Hörmüz boğazının bağlanması ölkənin enerji təchizatına mənfi təsir göstərmir. "Odur ki, tədarük və ehtiyatlarla bağlı problemimiz yoxdur. Problem qiymətlərdədir və burada bütün Aİ çərçivəsində ümumi həll yolları axtarmaq lazımdır", - o fikirlərini yekunlaşdırıb.