IMG-LOGO

TÜRKPA Qazaxıstan referendumunun beynəlxalq standartlara uyğunluğunu təsdiqləyib

16 Mar 2026 11:46 3 baxış
IMG

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) beynəlxalq müşahidəçiləri Qazaxıstanın yeni Konstitusiya layihəsi üzrə respublika referendumunun keçirilməsini müsbət qiymətləndiriblər.

"Report"un Qazaxıstan bürosunun "Kazinform"a istinadən verdiyi məlumata görə, bu barədə TÜRKPA müşahidəçilər missiyasının tərkibinə daxil olan Türkiyə parlamentinin üzvü Osman Mesten bildirib.

Onun sözlərinə görə, missiyanın nümayəndələri Astana, Almatı və Türküstanda 115 seçki məntəqəsini ziyarət edib və səsvermə prosesinin peşəkar şəkildə, yüksək səviyyədə təşkil olunduğu qənaətinə gəliblər.

O.Mesten qeyd edib ki, seçicilərə bütün lazımi məlumatlar təqdim edilib, referendumun nəticələrinə təsir göstərə biləcək pozuntular aşkar olunmayıb.

Türkiyə parlamentinin üzvü həmçinin vurğulayıb ki, missiya sağlamlıq imkanları məhdud olan insanların səsvermədə iştirakı üçün yaradılan şəraiti, eləcə də beynəlxalq müşahidəçilərin fəaliyyətini təmin edən hüquqi mexanizmləri yüksək qiymətləndirir.

Onun sözlərinə görə, TÜRKPA müşahidəçiləri 2026-cı il martın 15-də keçirilən referendumun Qazaxıstanın milli qanunvericiliyinə və beynəlxalq standartlara uyğun şəkildə həyata keçirildiyi qənaətinə gəliblər.

Xəbər lenti