IMG-LOGO

İranın Hörmüz blokadasında işlətdiyi sirli silahlar: əsas "kozır" hələ ehtiyatdadır

14 Mar 2026 16:20 3 baxış
IMG
0 0

ABŞ və İsraillə münaqişə başlayandan sonra İran dünya neftinin təxminən 20 faizinin keçdiyi Hörmüz boğazını bağlayıb. Məlumata görə, Tehran ən azı 16 gəmiyə hücum edib, dəniz əməliyyatlarının ən intensiv günü olan 12 martda isə eyni vaxtda 6 gəmi zərbə altına düşüb.

Lent.az xəbər verir ki, Beynəlxalq Dəniz Təşkilatının məlumatına görə, nəticədə 3 min gəmi və təxminən 20 min dənizçi faktiki olaraq blokadaya düşüb.

Qərb KİV-ləri isə İranın boğazı blokadaya almaq üçün hansı silahlardan istifadə etdiyini və ABŞ və müttəfiqləri bu mühasirəni güc yolu ilə yarmağa çalışacağı təqdirdə Tehranın ehtiyatda saxladığı vasitələrin nələr olduğunu təhlil edib.

Fars körfəzi bölgəsində baş verən qarşıdurmada İranın əsas alətlərindən biri dəniz pilotsuz aparatları (USV) olub. Bunlar partlayıcı maddələrlə doldurulmuş kiçik qayıqlardır və həm suyun səthində, həm də sualtı fəaliyyət göstərə bilirlər. Onları aşkar etmək xüsusilə gecə saatlarında çətindir və hücum zamanı hədəf gəminin gövdəsinə çırpılaraq partlayırlar.

Martın 1-də belə dronlardan biri Oman sahilləri yaxınlığında neft tankerinə zərbə endirib və nəticədə ekipaj üzvlərindən biri həlak olub. Bir neçə gün sonra isə zərbə İraqın Xor-əz-Zubayr limanı yaxınlığında başqa bir gəmiyə endirilib. İran hakimiyyəti hücumların onların tərəfindən həyata keçirildiyini təsdiqləyib.

Xatırladaq ki, bundan əvvəl ABŞ Şri-Lanka sahilləri yaxınlığında İranın hərbi gəmisini batırıb və hadisə nəticəsində 87 iranlı dənizçi həlak olub.

Lakin “Sky News” bildirir ki, pilotsuz qayıqlar yalnız təhlükənin görünən hissəsidir. Əsl təhlükə suyun altında gizlənir. Ekspertlərin sözlərinə görə, İran gəmiəleyhinə dəniz minalarından istifadə edə bilər və bunlar adi kontakt minaları deyil. Söhbət dənizin dibində yerləşdirilən və yaxınlıqdan keçən gəmini aşkar etdikdən sonra torpedo tipli zərbə buraxan minalardan gedir.

Belə minalar gizli şəkildə kiçik sualtı qayıqlar vasitəsilə yerləşdirilə bilər. ABŞ mənbələrinin məlumatına görə, artıq boğazda onlarla mina aşkarlanıb. Onların çoxunun yeri məlum olsa da, davam edən münaqişə şəraitində bu minaların zərərsizləşdirilməsi demək olar ki, son dərəcə çətin bir vəzifədir.

Bildirilir ki, hazırda bütün region güclü GPS maneələri ilə örtülüb. VesselFinder xəritələrində qəribə həndəsi fiqurlar şəklində görünən gəmi yığılması məhz siqnalların təhrif olunmasının nəticəsidir. Naviqasiya üzrə ekspert Remsi Faraqer izah edir ki, hazırda Fars körfəzi dünyada elektron maneələrin ən intensiv olduğu yerlərdən biridir. Bu siqnalları təkcə İran deyil, dronlardan qorunmaq üçün qonşu ölkələr də yaradır. Nəticədə isə bütün tərəflər zərər görür: mülki gəmilər və təyyarələr istiqamətini itirir, naviqasiya demək olar ki, sadəcə təxminlərə çevrilir.

Hələlik İran əsas “kozırını” — gəmiəleyhinə raketləri istifadə etmir. Onun arsenalında həm Çin istehsalı C802, həm də yerli istehsal “Heybar Şekan” raketləri var. Böyük Britaniyanın müdafiə üzrə analitik mərkəzindən Siddhart Kauşal bildirir ki, Tehran artıq strateji məqsədinə çatıb: boğaz faktiki olaraq bağlanıb. Lakin ABŞ və müttəfiqləri ticarət gəmilərini hərbi konvoyla keçirməyə cəhd etsələr, raketlər də istifadə oluna bilər.

ABŞ-ın maliyyə naziri Skott Bessent artıq Vaşinqtonun siyasətini dəyişdirdiyini və gəmilərin hərbi müşayiətini hazırladığını bildirib. Bu isə dənizdəki qarşıdurmanın açıq donanma toqquşmasına çevrilə biləcəyi deməkdir.

Hər yeni hücum neft qiymətlərini artırır. Hazırda qiymət 100 dolları keçib və analitiklər boğaz açılmadığı halda qiymətlərin daha da yüksələcəyini proqnozlaşdırırlar.

İsrail-İran müharibəsi ABŞ-İran müharibəsi Hörmüz boğazı neft tankerləri İranın silahları dəniz donanması

Xəbər lenti