IMG-LOGO

Valdas Dambrauskas: "Sabah" bu mövsüm mükəmməl mövsüm keçirdi"

13 May 2026 22:26 3 baxış
IMG

"Sabah" futbol klubu bu mövsüm mükəmmələ bərabər mövsüm keçirib.

"Report" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Zirə"yə qarşı Azərbaycan Kubokunun final oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qalib gəldikləri qarşılaşmanı şərh edib:

"Futbolçularımı mövsüm boyu yaxşı çıxış etdiklərinə görə təbrik edirəm. Demək olar, mükəmmələ bərabər mövsüm keçirdik. 33 oyun məğlubiyyətsizlik seriyamız var idi. Bütün bunlar futbolçuların əməyidir. Çünki onlar əziyyət çəkirlər, məşqlərdə yaxşı işlər görürlər. Futbolçularım uğura ac idilər. Onlar cari mövsüm əla çıxış etdilər. "Zirə"ni də təbrik etmək istəyirəm. Onlar da çox yaxşı çıxış etdilər. Lakin sonradan üstünlüyü ələ alaraq qələbə qazanmağı bacardıq. Futbolçularım əsl qəhrəmandırlar".

O, klubda çalışan bütün işçilərə təşəkkürünü bildirib:

"Sabah" işlədiyim 10-cu komandadır. İnanın, bu klubda o qədər peşəkar insanlar fəaliyyət göstərir ki, sözlə ifadə edə bilmirəm. Bizə hər zaman dəstək olan klub rəhbərliyinə dərin təşəkkürümü çatdırıram. Mövsüm boyu tək futbolçularım yox, komandada çalışan bütün insanlar əziyyət çəkdilər. Bu çempionluqlarda onların da payı var".

V.Dambrauskas hər zaman meydanda azarkeşlər üçün mübarizə apardıqlarını söyləyib:

"Yaxşı oyun göstərmək futbolçuların vəzifəsidir. Biz də azarkeşlər üçün mübarizə aparırıq, istəyirik ki, tərəfdarlarımız oyunumuzdan zövq alsınlar. Bu gün "Zirə"yə vurduğumuz hər iki qol fantastik idi. Lakin iki zərbəni bir-birindən seçə bilmərəm. Hər iki qol önəmli idi".

Qeyd edək ki, "Sabah" - "Zirə" oyunu "bayquşlar"ın 2:1 hesablı qələbəsi ilə bitib.

Xəbər lenti