BMT sistemində uzlaşmanın artırılması təşkilatda dərin islahatların aparılması üçün strateji zərurətdir.
"Report" xəbər verir ki, bunu BMT Baş Assambleyasının 62-ci sessiyasının sədri, Şimali Makedoniyanın sabiq xarici işlər naziri Srdcan Kerim XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, BMT islahatı ilə bağlı müzakirələr əsasən struktur, təmsilçilik və mandatlar üzərində cəmlənir, təşkilatın bütün sisteminin işinin uzlaşdırılması məsələsi isə çox vaxt kənarda qalır.
"BMT sistemi, hər birinin öz idarəetmə və maliyyələşdirmə sistemi olan çoxlu sayda agentlik, proqram, ixtisaslaşmış orqan və katiblikləri birləşdirir. Bu cür müxtəliflik təşkilatın güclü cəhətidir, lakin səmərəli koordinasiya olmadan funksiyaların təkrarlanması, səmərəsizlik və parçalanma riski yaranır", - o bildirib.
S.Kərim vurğulayıb ki, uzlaşmanın artırılması təkcə idarəetmə mexanizmlərinin islahatını deyil, həm də işə yanaşmalarda dəyişiklikləri tələb edir:
"BMT agentlikləri özlərini resurslar və diqqət uğrunda rəqabət aparan ayrı-ayrı strukturlar kimi deyil, vahid çoxtərəfli mexanizmin hissələri kimi qəbul etməlidirlər".
Onun sözlərinə görə, bu məqsədə nail olmaq üçün diqqəti üç əsas istiqamətə cəmləmək lazımdır: sülh və təhlükəsizlik, inkişaf və insan hüquqları sahələrində strateji planlaşdırmanın inteqrasiyasına, daha çevik və proqnozlaşdırıla bilən maliyyələşdirmənin təmin edilməsinə, eləcə də kollektiv nəticələrə yönəlmiş hesabatlılıq mexanizmlərinin gücləndirilməsinə.
O əlavə edib ki, bu tədbirlər uğurla həyata keçiriləcəyi təqdirdə BMT islahatı sonsuz institusional diskussiya kimi qəbul edilməkdən çıxacaq və təşkilatın səmərəliliyinin artırılması istiqamətində real addıma çevriləcək.