Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv olan bəzi üzv dövlətlər qaydalara riayət etmirlər.
"Report" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən paneldə deyib.
Onun sözlərinə görə, BMT yaranandan indiyədək bir çox razılaşmalar daha təhlükəsiz bir dünya üçün əldə olunub. Səhiyyə sahəsində bir çox xəstəliklər aradan qalxıb, ölkələr üzrə ümumi cəbhə yaradılıb:
"ÜST dünyanı daha təhlükəsiz saxlamaq üçün çalışıb. Dövlətlər çoxtərəfliliyə sadiq qalırlar. Lakin qaydalar dəyişir. Bu dəyişikliklər BMT-də də baş verməlidir. Lakin bəzi iş üslubları hələ də İkinci Dünya Müharibəsində, köhnə qaydalarda qalıb".
ÜST rəhbərinin fikrincə, bəzi üzv dövlətlər BMT nizamnaməsinə riayət etmirlər, bu baxımdan, islahatlar aparılmalıdır: "Bəzi sərhəd tanımayan hadisələr var, məsələn, iqlim dəyişikliyi, pandemiyalar. Əgər biz qaydalara riayət etməsək, o zaman bizi fəlakətlər gözləyə bilər".