Gürcüstan hökuməti yaşı 6 ildən çox olan avtomobillərinin idxalının qadağan edilməsi ilə bağlı ilkin plandan imtina edib, bunun əvəzinə bu cür nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün rüsum artırılacaq.
"Report" Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, bu cür avtomobillər üçün gömrük rüsumu mühərrik həcminin hər 1 kubsantimetr üçün 4,5 lari (təxminən 1,6 dollar) təşkil edəcək.
Hazırda Gürcüstanda minik avtomobillərinin idxalı zamanı standart rüsum mühərrik həcminin hər 1 kubsantimetri üçün 0,8 lari təşkil edir.
"Biz müvafiq özəl müəssisələrin və vətəndaşlarımızın maraqlarına görə, eləcə də cəmiyyətdə geniş müzakirə olunan bu qərara müəyyən düzəlişlər etdik", - İ.Kobaxidze qeyd edib.
Xatırladaq ki, son illərdə nəqliyyat vasitələrinin sayının artması səbəbindən Gürcüstan 2026-cı il aprelin 1-dən ölkəyə 6 ildən çox minik avtomobillərinin gətirilməsinə qadağa qoymağı planlaşdırırdı.