Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta 2028-ci ildə Azərbaycanda "Avropa Siyasi Birliyi"nin sammitinin keçirilməsini səbirsizliklə gözlədiklərini bildirib.
"Report" xəbər verir ki, o, bunu Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxışı zamanı ifadə edib.
"Qlobal qeyri-sabitlik fonunda aramızdakı əlaqələri möhkəmləndirmək hər zamankından daha vacibdir. Biz 2028-ci ildə Azərbaycanda Avropa Siyasi Birliyinin sammitinin keçirilməsini səbirsizliklə gözləyirik. Avropa İttifaqı bugünkü çağırışları sabahın imkanlarına çevirmək üçün Azərbaycanla işləməyə hazırdır. Sizin liderliyiniz (Prezident İlham Əliyevin - red.) əsasdır və tərəfdaşlığımız möhkəmdir. Birlikdə biz hər iki xalqın rifahı naminə onu daha da genişləndirə bilərik", - Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti bildirib.
Xatırladaq ki, "Avropa Siyasi Birliyi" təhlükəsizlik, iqtisadi sabitlik, demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi-iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.