"Turan Tovuz" klubunun apellyasiya şikayəti qismən təmin edilib.
"Report" xəbər verir ki, bu barədə AFFA Apellyasiya Arbitraj Tribunalı qərar çıxarıb.
Araşdırmalara əsasən, Kurban Berdiyevin hərəkətləri AFFA İntizam Məcəlləsinin 53.1-ci maddəsi ilə tövsif edilib. Buna görə "Turan Tovuz" komandasının baş məşqçisinə 3 oyunluq diskvalifikasiya, klubun özünə isə 6 000 manat cərimə tətbiq olunub.
Qeyd edək ki, ötən il fevralın 5-də Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Turan Tovuz" – "Kəpəz" matçının 64-cü dəqiqəsində Kurban Berdiyev hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə almış, daha sonra hakimləri təhqir etmişdi.
Buna görə AFFA İntizam Komitəsi məşqçini 4 oyunluq diskvalifikasiya etmiş, "Turan Tovuz"a isə 10 000 manat cərimə vermişdi.
Apellyasiya Arbitraj Tribunalının qərarı ilə həmin qərar ləğv olunaraq cəza azaldılıb. Apellyasiya şikayəti qalan hissədə təmin edilməyib.
Tərəflərə qərardan Lozannadakı İdman Arbitraj Məhkəməsinə şikayət verməyin mümkün olduğu da izah edilib.