Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "tik-tok"er Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Lent.az xəbər verir ki, məhkəmə zərərçəkən Xalid Kərimovun ibtidai istintaq zamanı verdiyi ifadəni elan edib:
"Aybənizlə 2023-cü ildə sosial şəbəkə vasitəsilə tanış olmuşuq. 2024-cü ildə o mənə yazıb zəng etməyimi istədi. Söhbət zamanı Aybəniz iki uşağı olduğunu, dolanışığını sosial şəbəkələr vasitəsilə təmin etdiyini deyirdi. Mən də ona evli olduğumu, uşağım olduğunu dedim. Bir gün mənə dedi ki, "tik-tok"da oyun oynayanda mənim canlı yayımıma qoşul, "jeton", hədiyyələr at. Ona kart hesabımdan köçürmələr edirdim. İşimlə bağlı Türkiyədə olanda yazdı ki, Türkiyəyə gəlmək istəyir. Aybənizə dedim ki, biletin qiyməti bahadır, tezliklə Baklya gələcəm, görüşərik. 27 yanvarda Bakıya qayıdanda mənə zəng vurdu. Ona dedim ailəmin yanında mənə zəng etmə. Qərarlaşdırdıq ki, Novxanıdakı oteldə görüşək. Hər görüşümüzdən sonra ona müxtəlif hədiyyələr, 300-500 manat, hətta əlavə pul da verirdim. Dəfələrlə müxtəlif yerlərdə görüşümüz olurdu. Belə görüşlərin birindən sonra bir dəfə hiss etdim ki, telefonuma müdaxilə olunub. Bunu Aybənizdən başqası edə bilməzdi, ona görə getdikcə ondan uzaqlaşmağa başladım. Artıq ona pul verməməyə başladım. Bundan sonra mənə yazaraq ailə üzvlərimin şəkillərinin, özümün onda rüsvayedici şəkillərimin olduğunu dedi. Məni özündən asılı vəziyyətə salmışdı, əl çəkmirdi, maşın, pul tələb edirdi. Deyirdi ki, dediklərimi edəcəksən, nə vaxt desəm, yanımda olmalısan. Məni tanışlarının yanında nişanlısı kimi təqdim etdiyini deyirdi. Mənə deyirdi ki, xaricdə yaşayan Manaf Cəlilov adlı bloqqer vasitəsilə məni bütün sosial şəbəkələrdə, hər yerdə rüsvay edəcək. Ailəmin yanında biabır olmaq təhlükəsi, onun təzyiqləri məni intihar həddinə gətirmişdi. Məcbur olub 42 000 manatlıq maşınımı satıb pulunu ona verdim, özüm köhnə "Hundai Sonata" sürməyə başladım. Aybəniz sakitləşmirdi, məni öz platformasında təhqir etməyə başlayırdı. Zəng edib dedim ki, məni niyə rüsvay edirsən? Cavab verdi ki "Səni kim tanıyır, haradan biləcəklər ki, səndən danışıram?". Bir sözlə, bu qadın həyatı mənə zəhər eləmişdi".
Məhkəmə ifadənin elanının 14 aprel saat 14:00-da davam edəcəyini elan edib.
Xatırladaq ki, X.Kərimov adlı şəxs A.Xəlilova barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Şikayətçi ərizəsində göstərib ki, A.Xəlilova ondan hissə-hissə olmaqla, 836 min manat pul tələb edib.
"Tik-tok"er barəsində cinayət işi başlanıb. A.Xəlilovaya qarşı Cinayət Məcəlləsinin 182.3.2 və 211.3-cü maddələri üzrə ittiham irəli sürülüb.
Hadisələr