IMG-LOGO

Cahangir Həsənzadə: "Qarabağ" - "Sabah" matçını "erkən final" adlandırmaq düzgün deyil"

06 Mar 2026 17:42 6 baxış
IMG

Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Qarabağ" və "Sabah" arasında baş tutacaq matçları "erkən final" adlandırmaq düzgün deyil.

Bunu "Report"a açıqlamasında AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə bildirib.

​"Bu oyunu erkən final kimi qələmə verirlər, amma məncə, bu, düzgün deyil. Bu, elə yarımfinaldır. Çünki cütün qalibi hələ titulu əldə etmiş sayılmır, qarşıda bir oyundan ibarət final var. Hazırda Azərbaycan çempionatında əsas mübarizə bu iki komanda arasında gedir. Aralarındakı son oyunlar göstərir ki, "Sabah" "Qarabağ"a qarşı çox uğurlu çıxış edir. "Qarabağ" isə bu tendensiyanı dəyişməyə çalışacaq".

​O, 1/4 final mərhələsindəki gərgin mübarizəyə toxunub:

​"Oyunlar kifayət qədər gərgin keçdi. "Qəbələ" kimi komanda liqada yerini qorumaq üçün oynasa da, kubokda azlıqda qalmasına rəğmən, çox keyfiyyətli oyun göstərdi və yarımfinalın astanasından qayıtdı. "Turan Tovuz" isə "Kəpəz"lə matçda daha inamlı və dinamik təsir bağışladı. "Zirə"nin "Sumqayıt"a qarşı "düzgün açarlar" tapdığı aşkar görünürdü. "Qarabağ"ın mərhələ adlaması isə gözlənilən idi, çünki Avropa səviyyəsində oynayan klub lazım olan yerdə səfərbər olub nəticə əldə etməyi bacarır", - deyə mütəxəssis vurğulayıb.

​C.Həsənzadə yarımfinalçıların tərkibindəki sürpriz məqamı qeyd edib:

​"Güclülərin bu mərhələyə çıxması və turnir cədvəlindəki yerlərini doğrultması təbiidir. Lakin bu siyahıda "Neftçi"nin yer almaması gözlənilməz oldu. "Neftçi" mövsümə yaxşı başlamasa da, adına yaraşan bir mərhələdə olmalı idi. Ümid edirəm ki, növbəti mövsümdə özlərinə layiq yeri tutacaqlar".

​​O, komandaların həm çempionat, həm də kubok hədəflərini paralel yürüdəcəklərini vurğulayıb:

​"Düşünmürəm ki, hansısa komanda seçim qarşısında qalıb bir turniri "qurban" verəcək. "Sabah"ın çempionatda 7 xal öndə olması kubok oyununa mənfi təsir etməyəcək. "Qarabağ"ın da heyəti kifayət qədər genişdir və hər iki "cəbhə"də sonadək mübarizə aparacaq gücdədir. Hər iki komanda kifayət qədər güclü köklənib və nəticə üçün oynayacaq".

Qeyd edək ki, Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Turan Tovuz" "Zirə" ilə, "Qarabağ" isə "Sabah"la üz-üzə gələcək.

Xəbər lenti