IMG-LOGO

Naxçıvanda məktəb yaxınlığına dron zərbəsi: müəllimlər hadisənin təfərrüatlarını danışıblar

06 Mar 2026 15:42 5 baxış
IMG

Ötən gün İran İslam Respublikası ərazisindən Naxçıvana həyata keçirilən dron hücumları nəticəsində Muxtar Respublikanın Şəkərabad kəndində məktəb binasının yaxınlığında güclü partlayış oldu. Hadisə zamanı məktəbin müəllim və şagirdləri ciddi panika və həyəcan yaşadılar.

"Report"un yerli bürosu xəbər verir ki, bu gün bir qrup jurnalist sözügedən məktəbdə olub və hadisə şahidləri olan müəllimlərlə söhbət aparıb.

Məktəbin riyaziyyat müəlliməsi Leyla Həsənova bildirib ki, hadisə martın 5-də təxminən saat 11:30 radələrində baş verib:

"Həmin vaxt dərslər normal qaydada davam edirdi. Anidən güclü partlayış səsi eşidildi. Hava limanı bizə yaxın olduğu üçün partlayışın aeroportun ərazisində baş verdiyini gördük. Dərhal uşaqları məktəbin həyətinə çıxardıq. Təxminən 7–8 dəqiqə sonra, uşaqların təxliyəsini tam başa çatdırmamışdıq ki, ikinci dəfə məktəbin yaxınlığına zərbə endirildi. Yaşadığımız stress və qorxuya baxmayaraq, şagirdlərin təhlükəsizliyini tam təmin etdik. Hazırda hər şey qaydasındadır. Bu gün də tədris prosesi normal şəkildə davam edir".

Məktəbin ingilis dili müəlliməsi Aytəkin Babayeva deyib ki, partlayış baş verən an nə baş verdiyini anlamaq çətin olub.

"İlk baxışdan heç nə anlamasaq da, sonradan aeroportdan alov və tüstü qalxdığını gördük. Daha sonra aeroport binasına zərbə endirildiyini bildik. Az sonra şagirdlərin təxliyəsi zamanı baş verən ikinci partlayış panikanın daha da artmasına səbəb oldu. Buna baxmayaraq, müəllimlər vəziyyəti nəzarətdə saxlamağa çalışdılar. Daha sonra uşaqlar valideynlərinə təhvil verildi. Hazırda şagirdlərə lazımi psixoloji dəstək göstərilir", – deyə o bildirib.

Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb.

Xəbər lenti