Bakı metrosunda əsas hədəflərdən biri intervalların azaldılması ilə bağlıdır.
"Report" xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC idarə heyətinin sədrinin müşaviri Emil Əhmədov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, sərnişinlərin artımı hər il müşahidə edilir: "Son bir ildə ilk dəfə olaraq 32, daha sonra 34 cüt və artıq bugünkü tarixdən biz hərəkət qrafikimizdə yenilik edərək 35 cütlük qatara keçid etdik. Eyni zamanda günorta saatlarında – fevral ayından tədris mərkəzlərinin artıq fəaliyyətə başlamasını nəzərə alaraq və eyni zamanda günorta saatlarında sıxlığı müşahidə edərək hərəkət qrafikində yenidən dəyişiklik etdik".
Qurum rəsmisi bildirib ki, əvvəllər günorta saatlarında 24 cüt qatar hərəkət edirdisə, artıq bu rəqəm 30-a qaldırılıb: "Müşahidələrimiz göstərir ki, bu, intervalda, pik saatlarda sıxlığın aradan qaldırılmasına öz töhfəsini verir".