İngiltərənin "Mançester Siti" klubu "Harts"ın (Şotlandiya) 16 yaşlı yarımmüdafiəçisi Kir Makmikin üçün 600 min funt-sterlinq təzminat ödəyəcək.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, müqavilə şərtlərinə görə, gələcək bonuslarla bu məbləğin 2 milyon funt-sterlinqə qədər yüksəlməsi mümkündür.
Artıq ilkin müqaviləni imzalayan gənc futbolçu yayda tibbi müayinədən keçdikdən sonra rəsmən İngiltərə çempionunun heyətinə qoşulacaq.
Makmikin üçün "Mançester Yunayted", "Brayton" və "Liverpul" kimi klublar mübarizə aparsa da, futbolçu "şəhərlilər"in təklifini qəbul edib.
Hazırda Şotlandiyanın gənclər millisində çıxış edən yarımmüdafiəçi gələcəkdə İngiltərə və ya Şimali İrlandiya yığmalarını seçmək hüququna da malikdir.