IMG-LOGO

"Formula 1": Regional münaqişə səbəbindən dünya çempionatının təqvimi dəyişə bilər

03 Mar 2026 18:36 4 baxış
IMG

"Formula 1" üzrə dünya çempionatının Fars körfəzi ölkələrində keçirilməsi planlaşdırılan mərhələləri Yaxın Şərqdə artan münaqişə səbəbindən ləğv oluna bilər.

"Report" xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb.

Yarışın yeni mövsümünə bu həftəsonu Avstraliyanın Melburn şəhərində start veriləcək. Apreldə isə "Formula 1"in Bəhreyn və Səudiyyə Ərəbistanında təşkili planlaşdırılır. Hər iki ölkə ərazisində ABŞ hərbi bazaları yerləşdiyi üçün İran tərəfindən raket zərbələrinə məruz qalıb.

Nəşrin məlumatına görə, Fars körfəzi dövlətlərində yarışların keçirilib-keçirilməməsi ilə bağlı qərar martın sonunadək qəbul edilə bilər. Hazırda təşkilatçılar vəziyyəti izləyirlər.

Bildirilir ki, Bəhreyn və Səudiyyə Ərəbistanında mərhələlərin baş tutmaması təqdirində dünya çempionatının yeni mövsümü 22 yarışdan ibarət ola bilər. Alternativ variant kimi mərhələlərin digər ölkələrə köçürülməsi nəzərdən keçirilir. Ehtimal olunan məkanlar sırasında Türkiyənin İstanbul, Portuqaliyanın Portiman və İtaliyanın İmola şəhərləri göstərilir.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. İran da cavab olaraq genişmiqyaslı əməliyyata başladığını bəyan edib, İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərə zərbələr endirib.

Xəbər lenti