Rusiyanın Çelyabinsk şəhərində Yeddinci Kassasiya Ümumi Yurisdiksiya Məhkəməsi yekaterinburqlu iş adamı Nəsimi Məmmədova 2000-ci ildə törədilmiş qətl işi üzrə çıxarılmış bəraət hökmünü qüvvədə saxlayıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, bu barədə onun vəkili Olesya Bortnikova məlumat verib.
Qeyd olunub ki, Məmmədov 2022-ci ilin yazında Dmitri Deyç və Mixail Klok ilə birlikdə saxlanılıb. İstintaqın versiyasına görə, hazırda vəfat etmiş Deyç öz biznes ortağı Aleksey Zubakinin qətlini Kloka sifariş verib. Həmin dövrdə Klok mütəşəkkil cinayətkar qrupun lideri hesab olunurdu (hazırda isə o, kriminal aləmlə əlaqəsini inkar edir).
İttiham tərəfinin fikrincə, Klok o vaxt öz sürücüsü olan Məmmədova müraciət edib və guya qətli o icra edib. Lakin Məmmədov özünü qəti şəkildə təqsirli bilmədiyini bildirib və böhtana məruz qaldığını bəyan edib. Hakimlər ona üç dəfə bəraət hökmü veriblər.
Rusiyadakı azərbaycanlı biznesmenlər