IMG-LOGO

İqor Ponomaryov: "Qarabağ"ın Çempionlar Liqasındakı məğlubiyyətləri çempionata təsir etməyəcək" - MÜSAHİBƏ

27 Feb 2026 13:17 2 baxış
IMG

"Sabah"ın idman direktoru İqor Ponomaryov "Report"a müsahibə verib. Klub rəsmisi Misli Premyer Liqasının XXII turunda qarşılaşacaqları "Qarabağ"la oyun barədə fikirlərini bölüşüb. Hazırda "bayquşlar" 21 oyundan sonra 52 xalla turnir cədvəlinə başçılıq edir. Rəqibindən bir oyun az keçirən "köhlən atlar" isə 45 xalla ikinci pillədə qərarlaşıb. İ.Ponomaryov sözügedən qarşılaşmanın böyük marağa səbəb olacağını düşünür. Bununla belə, 66 yaşlı futbol funksioneri matçın çempionluq mübarizəsində həlledici olmayacağı qənaətindədir.

- Qarşıdan "Qarabağ"la böyük oyun gəlir. Matç barədə düşüncələriniz nədir?

- "Sabah" və "Qarabağ" arasında oyunlar hər zaman xüsusi baxımlılığı ilə diqqət çəkib. Məncə, bu nəinki iki klubun azarkeşlərinin, həmçinin bütün futbol həvəskarlarının ürəyincə olan məqamdır. Ona görə budəfəki oyunun da maraqlı keçəcəyini düşünürəm. Fikrimcə, stadiona gəlib qarşılaşmanı izləyəcək azarkeşlər sırf futbol baxımından arenadan məyus qayıtmayacaqlar.

- Bu oyunu çempionluq dueli kimi xarakterizə etmək olar?

- Mövsümün sonuna hələ 3 ay var. Bu baxımdan düşünmürəm ki, hansısa bir görüşü indidən həlledici saymaq olar. Qarşıda hər iki komandanın keçirəcəyi çox matç var.

- "Qarabağ" Çempionlar Liqasında son 3 oyunda qapısından 15 qol buraxıb. Rəqibin psixoloji baxımdan özünə inamının sarsılması "Sabah"ın işinə nə dərəcədə yaraya bilər?

- Çempionlar Liqası başqa səviyyədə olan, tam fərqli turnirdir. Ona görə də həmin oyunların yerli çempionat matçlarına hansısa mənfi təsirinin olacağını düşünmürəm.

- "Sabah"da artq hər kəs başa düşür ki, komandanın qarşısına çempionluq hədəfi qoyulub? Yəni kollektiv daxilində hamı bu məsuliyyəti anlayır?

- Komanda hazırda yalnız növbəti qarşılaşmalar barədə düşünür. Məqsəd hər matça maksimum hazırlaşmaq və oyundan-oyuna bir az da inkişaf etməkdir. Komandanın hər bir üzvü peşəkardır. Biz bunu futbolçuların, məşqçilər heyətinin oyuna yanaşmalarından da görürük – rəqibin hansı komanda olmasından asılı olmayaraq.

- "Sabah" cari mövsüm ölkə çempionatında ən çox qələbə qazanıb, ən az məğlub olan komandadır. Komandanın bu yüksəlişin sirri nədir?

- Uğurun sirri, bayaq dediyim kimi, komandanın oyunlardan kənar amillərə köklənməməsidir. Hamı öz işinə köklənib, daha da inkişaf etmək və növbəti matça daha yaxşı hazırlaşmaq barədə düşünür. Bu məqam komandanın nəticələrində əksini tapır.

- "Sabah"ın növbəti mövsümdə avrokuboklarda çıxış edəcəyi şübhə doğurmur. İndidən komandanın qarşısına avrokubokların Liqa mərhələsinə vəsiqə qazanmaq hədəfi qoyulub?

- Hələ ki, çempionat davam edir. Hazırda yalnız Premyer Liqa və ölkə kuboku barədə düşünürük. Əlbəttə, hər bir komanda avrokuboklarda yaxşı nəticə qazanmaq istəyir. Lakin bunun üçün ilk öncə avrokuboklara vəsiqə əldə etmək lazımdır.

Xəbər lenti