İngiltərə Futbol Assosiasiyası (FA) Premyer Liqanın 24-cü turunda baş tutan “Çelsi”– “Vesthem” oyununda yaşanan insidentlə bağlı qərarını açıqlayıb.
Lent.az xəbər verir ki, FA-nın X sosial şəbəkəsində yaydığı məlumata görə, qarşılaşmanın sonlarında baş verən kütləvi qarşıdurmaya və oyunçuların qeyri-etik davranışına görə hər iki klub cərimələnib. “Çelsi” 325 min funt sterlinq, “Vest Hem” isə 300 min funt məbləğində cərimə olunub. FA bildirib ki, klublar futbolçularının qeyri-münasib, təxribatçı və aqressiv davranışlarının qarşısını almaq üçün lazımi tədbirlər görmədiklərinə görə cəzalandırılıblar.
Qeyd edək ki, yanvarın 31-də keçirilən oyunda “Çelsi” evdə “Vest Hem”i 3:2 hesabı ilə məğlub edib. Əlavə olunmuş vaxtın yeddinci dəqiqəsində qonaq komandanın yarımmüdafiəçisi Adam Traore top uğrunda mübarizə zamanı meydan sahiblərinin müdafiəçisi Marc Cucurellanı itələyib.
Bundan sonra “Çelsi” futbolçuları komanda yoldaşlarını müdafiə edərək insidentə qarışıblar və meydanda kütləvi dava baş verib. Qarşıdurma zamanı “Vest Hem”in müdafiəçisi Jean-Clair Todibo, Joao Pedronun boğazından yapışdığı üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
İdman xəbərləri