IMG-LOGO

İlqar Aslanov: "Güclü rəqiblərə qarşı oynamaq gənc futzalçıları bərkidir"

25 Feb 2026 15:43 2 baxış
IMG

Azərbaycan çempionatında güclü rəqiblərə qarşı oynamaq gənc futzalçıları bərkidir.

Bunu "Report"a açıqlamasında Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət yığmasının baş məşqçisi İlqar Aslanov bildirib.

Yüksək Liqanın XII turunda "Neftçi" İK-ə 0:16 hesabı ilə məğlub olan komandanın baş məşqçisi yaşadıqları çətinliklərdən danışıb:

"Hazırlaşırıq, uşaqlar çox cavandır. Əsas çətinliyimiz yenə həmişəki kimidir - böyük futboldan bəyəndiyimiz oyunçuları klublar buraxmırlar. Məsələn, son matçda əsas heyətdən iki-üç nəfər yox idi. Üstəlik, "Neftçi" kimi peşəkar klublara, braziliyalı legionerlərə qarşı oynayırıq. Ona görə də belə nəticələr alınır. Heyətimizdə 2008, 2009, hətta 2010-cu il təvəllüdlü uşaqlar var. Onları ona görə yığıram ki, gələcəyə hazır olsunlar. Belə rəqiblərə qarşı oynamaq uşaqları bərkidir".

Mütəxəssis əsas missiyasının əsas yığmaya oyunçu yetişdirmək olduğunu vurğulayıb:

"Bu nəticələrin mənfi tərəfi olduğu kimi, müsbət tərəfləri də var. Güclü rəqiblərə, braziliyalılara qarşı oynayırlar. Əsas məqsədim milliyə oyunçu verməkdir. Artıq "Araz-Naxçıvan" və əsas yığma bəzi oyunçularımızla maraqlanır. Pünhan Qasımzadə, Oqtay Mahmudzadə və İsmayıl Əhmədov artıq yığmanın təlim-məşq toplanışlarına cəlb olunurlar. Əsas yığmanın baş məşqçisi Yevgeni Kukseviçlə də mütəmadi görüşürük, o da çətinliklərimizi görür. Böyük futbolda çıxış edən uşaqların məşqləri üst-üstə düşəndə problem yaranır".

İ.Aslanov turnir cədvəlindəki yerin deyil, perspektivin daha önəmli olduğunu qeyd edib:

"Mövsümün sonunda dördüncü yeri tutmaq şansımız ola bilərdi, mənə yaşca böyük futbolçular təklif olunmuşdu. Lakin onlardan imtina etdim. Çünki yaşlıları oynatsam, öz uşaqlarımız kənarda qalacaqdı. Mənə nəticə yox, bu uşaqların təcrübə toplaması lazımdır. Perspektivli uşaqlar var. Məsələn, Sumqayıtdan 2011-ci il təvəllüdlü bir qapıçı tapmışıq, çox ümidvericidir. Bəzi klublar boyu balaca olduğu üçün uşaqları buraxırlar, amma biz onları cəlb edib üzərlərində işləyirik".

Qeyd edək ki, U-19 hazırda Azərbaycan Yüksək Liqasının turnir cədvəlində 6 xalla 5-ci yerdə qərarlaşıb.

Xəbər lenti