Azərbaycanın II Liqa təmsilçisi "Xankəndi" komandası XV turda baş tutan "Qaradağ Lökbatan"la matça (2:1) bir aydan çox A və B planları ilə hazırlaşıb.
Bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Zaur Hacıyev bildirib.
Mütəxəssis rəqib üzərindəki qələbəni və oyuna hazırlıq prosesini belə şərh edib:
"Matçın gərgin olacağını bilirdik. "Qaradağ Lökbatan" kifayət qədər təcrübəli və keyfiyyətli oyunçulardan ibarət komandadır. Bir aydan çoxdur ki, rəqibə qarşı A və B planları ilə hazırlaşırdıq. Birinci hissə daha gərgin başladı, təzyiq çox idi. Uzun hava ötürmələri ilə oynayan komandaya qarşı ikinci topları götürməkdə çətinlik çəkdik. Bu, gözlənilən idi. Sadəcə, bəzi oyunçular birinci hissədə verilən tapşırıqları yerinə yetirməkdə çətinlik çəkdilər. Məcburiyyətdən sistemdə və heyətdə dəyişiklik etdik. Demək olar ki, ikinci hissə bizim üstünlüyümüz şəraitində keçdi. Ümumi olaraq komandam çox yaxşı mübarizə apardı, geridönüş etdi və qalib gəldi".
O, komandaya baş məşqçi təyin olunduqdan sonra həyata keçirdiyi dəyişiklikləri belə izah edib:
"Komandanı götürdükdən sonra əvvəlki oyunları təhlil edərək müəyyən variantlara əl atmağa çalışdıq. Əvvəlki dönəmdə kollektiv daha çox dördlü müdafiə sisteminə üstünlük vermişdisə, mən beşli müdafiəyə keçdim və sistemdə dəyişiklik etdik. Bundan əlavə, bəzi oyunçularla yolları ayırdıq və yeni sistemə uyğun futbolçular əlavə etdik".
Z.Hacıyev liderliyi qorumağın vacibliyini diqqətə çatdırıb:
"Hazırda komandam liderdir, ancaq bunu qorumaq lazımdır. Qarşımızda uzun marafon var və bütün oyunlarda ciddiyyəti qorumalıyıq. Futbol sürprizlərlə dolu idman növüdür, laqeyd yanaşsaq, nəticə baxımından problem yarana bilər. Bu uğur təkcə mənim deyil, rəhbərlik başda olmaqla bütün heyətin, inzibati və həkim korpusunun əməyinin nəticəsidir. "Biz birlikdə güclüyük" prinsipi ilə çempionatın sonuna qədər mübarizə aparacağıq".
Qeyd edək ki, "Xankəndi" klubu hazırda 42 xalla II Liqadnın turnir cədvəlinə başçılıq edir.