Kot-d'İvuar ev sahibliyi etdiyi Afrika Millətlər Kubokunun qalibi olub.
“Report” xəbər verir ki, Emers Faenin yetirmələri finalda Nigeriya millisi ilə qarşılaşıb.
Qarşılıqlı qollarla yadda qalmış matç meydan sahiblərinin əzəli qələbəsi ilə başa çatıb. Oyunda ilk qol 38-ci dəqiqədə vurulub: Uilyam Troost-Ekonq Nigeriyanın hesabda irəli çıxarıb. Komandalar fasiləyə Nigeriyanın minimal üstünlüyü ilə yollanıb. İkinci hissədə isə Kot-d'İvuar millisi geridönüş edə bilib: 62-ci dəqiqədə “Əl-Əhli”nin hücumçusu Frank Kessi status-kvonu bərpa edib, 19 dəqiqə sonra isə “Borussiya Dortmund”da çıxış edən Sebastyen Alle fərqlənərək yekun hesabı müəyyənləşdirib – 1:2. Kot-d'İvuarın hər iki qolunda məhsuldar ötürməni 22 yaşlı Simon Adinqra edib.
Beləliklə, qərbi Afrika təmsilçisi dördüncü dəfə qitənin ən güclü komandası olub.
Qeyd edək ki, Kot-d'İuvar seçməsi bu uğur nəticəsində 7 milyon ABŞ dolları gəlir götürüb.
Bizim Telegram kanalımıza abunə olun