Beynəlxalq Cüdo Federasiyası (IJF) Akademiyasının məşqçilik sertifikatı proqramında iştirak edən 63 məşqçiyə sertifikatlar təqdim olunub.
"Report" xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftahətdinova və baş katibi Azər Əliyev, Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev, vitse-prezidenti Elnur Məmmədli və İJF Akademiyasının sədri Envik Qalea mütəxəssislərə sertifikatlarını təqdim ediblər.
Gənclər və idman naziri Fərid Qayıbov çıxışında IJF Akademiyasında təhsilin ölkədə cüdonun inkişafı üçün əhəmiyyətini vurğulayıb, bu proqramda iştirak edənlərə uğurlar arzulayıb. O, IJF Akademiyasında təhsilə marağın artmasını ölkədə cüdonun populyarlığının yüksəlməsi ilə əlaqələndirib.
ACF prezidenti Rəşad Nəbiyev qurumun fəaliyyətində cüdo idman növünün bütün işitrakçılarının, xüsusilə də məşqçilərin təhsilinə xüsusi önəm verdiyini vurğulayıb. R. Nəbiyev bildirib ki, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi qarşıda duran yeni çağırışdır. O, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsində məşqçilərin üzərinə düşən vəzifəni xüsusi qeyd edərək, bu məqsədə çatmaqda cüdonun rolunu vurğulayıb.
Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev Azərbaycanda cüdonun inkişafına verdiyi töhfələrə görə BCF Akademiyasının mütəxəssislərinə minnətdarlığını bildirib və Milli Olimpiya Komitəsinin bu cür layihələrə dəstək verməyə hər zaman hazır olduğunu qeyd edib.
Envik Qalea məşqçilərin yaradılan imkanlardan yararlanaraq imtahanlardan uğurla keçəcəklərinə əminliyini ifadə edib. Fevralın 10-u 60 cüdo məşqçisinin hazırda keçirilən seminarın sonunda verəcəkləri imtahan nəticəsində diplom almaları gözlənilir. Qeyd edək ki, indiyə qədər Akademiyada 187 məşqçi təhsil prosesinə cəlb edilib və onlardan artıq 69 nəfəri müvafiq məşqçilik diplomunu əldə ediblər
Bizim Telegram kanalımıza abunə olun