Qara dəniz sahilində, Gürcüstanda yerləşən Kulevi neft terminalı Rusiya əleyhinə tətbiq olunan sanksiyalardan yan keçmək üçün istifadə edilmir.
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
"Bizim hökumətimiz sanksiya rejiminə çox ciddi riayət edir. Spekulyasiyalar olub, sonra ABŞ, Avropa və Britaniyadan müxtəlif monitorinq missiyaları gəlib. Hamısı təsdiqləyib ki, sanksiyalardan yan keçmək barədə bütün iddialar spekulyasiyadır. Bu səbəbdən biz Avropa qurumlarına tam məlumat göndərdik", – Kobaxidze deyib.
Daha əvvəl "Reuters"də məlumat yayılıb ki, Avropa İttifaqı 42 tankeri qara siyahıya daxil etməyi və ilk dəfə olaraq üçüncü ölkələr – İndoneziya və Gürcüstanın limanlarına qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır. Buraya Qərbi Gürcüstanın Qara dəniz sahilində yerləşən Kulevi terminalı da daxildir.