IMG-LOGO

İsveçrə neytral vasitəçi imicini qorumaq istəyirsə birtərəfli təşəbbüslərdən çəkinməlidir - RƏY

19 Feb 2026 11:44 4 baxış
IMG

Özünü dünyaya neytral dövlət və vasitəçilik platforması kimi təqdim edən İsveçrənin Azərbaycan-Ermənistan sülh gündəliyinin əleyhinə atdığı addımlar təəssüf doğurur.

Bunu "Report"a siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

O qeyd edib ki, xüsusilə də İsveçrə parlamentində və müxtəlif siyasi platformalarda irəli sürülən əks-təşəbbüslər (Qarabağ üçün İsveçrə sülh təşəbbüsü və s.) birtərəfli siyasi mövqe olmaqla ölkənin özünü sığdırmağa çalışdığı neytral dövlət imici ilə daban-dabana ziddir.

"Hazırki dövrdə regionda əsas prioritet Azərbaycan-Ermənistan sülh gündəliyi - sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması və etimad quruculuğu və s. kimi tədbirlərin gücləndirilməsidir. Belə bir həssas dövrdə İsveçrənin parlament platformasında bu prosesə zidd müzakirələrin təşkili, xüsusilə də revanşist erməni dairələrinin arqumentlərinə yaxın ritorikanın səsləndirilməsi obyektivliklə bağlı bütün təsəvvürləri alt-üst edir".

Ü.Zülfiqar vurğulayıb ki, Azərbaycanın suverenliyinə dair, beynəlxalq hüququn norma və prinsipləri əsasında artıq həllini tapmış məsələlərin yenidən beynəlxalq müstəviyə daşınmasına cəhd sülh gündəliyi ilə tərs mütənasiblik təşkil edir.

"Bu isə regionda yeni reallıqların qəbul edilməsinə mane olmaq cəhdi olmaqla yanaşı həm də Ermənistan daxilində revanşist qüvvələrin aktivləşməsinə psixoloji və siyasi stimul verə bilər", - o deyib.

Ekspert xatırladıb ki, İsveçrə müxtəlif dövrlərdə Ermənistanla bağlı qətnamələr, dinləmələr və təşəbbüslər irəli sürməklə, faktiki olaraq balanslı vasitəçi imicinə xələl gətirən və onu sual altına alan addımlar atıb.

Ü.Zülfiqar bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi BMT tərəfindən tanınmış və beynəlxalq hüquqla təsbit olunmuş prinsiplərdir:

"Bu kontekstdə üçüncü tərəflərin, artıq həll edilmiş məsələləri yenidən gündəmə gətirməsi regionda formalaşmaqda olan müsbət dinamikanı hədəf almaq deməkdir".

Siyasi şərhçi bildirib ki, beynəlxalq tərəfdaşlar sülh prosesini dəstəkləməli,ona alternativ gündəm formalaşdırmamalıdır:

"Əgər İsveçrə həqiqətən də neytral vasitəçi imicini qorumaq və ona zərər gətirmək istəmirsə o zaman birtərəfli təşəbbüslərdən çəkinməli, Azərbaycan və Ermənistan arasında aparılan birbaşa danışıqlara, sülh gündəminə hörmətlə yanaşmalıdır.

Bu gün real sülh üçün tarixi fürsət yaranıb. Belə bir mərhələdə hər hansı əks mövqeli xarici təşəbbüsün irəli sürülməsi etimadı sarsıtmağa və qarşıdurma ritorikasına yönəlmiş olur. Azərbaycan-Ermənistan sülh gündəliyinin qorunması və möhkəmləndirilməsi bütövlükdə regionun sabitliyi və inkişafı üçün strateji əhəmiyyət daşıyır. Bu müsbət dinamikanın pozulması isə normal strateji təfəkkürə malik heç bir ölkənin maraqlarına uyğun deyil".

Xəbər lenti