Ermənistan Polşa ilə hərbi-texniki əməkdaşlığa dair saziş imzalamağı planlaşdırır.
"Report" yerli KİV-ə istinadən xəbər verir ki, ölkə hökuməti iclasda "Ermənistan Müdafiə Nazirliyi ilə Polşa Milli Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq haqqında" saziş layihəsini təsdiqləyib.
Saziş layihəsinə əsasən, o, beynəlxalq müdafiə əməkdaşlığının genişləndirilməsinə və hərbi-texniki sahədə ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə kömək edəcək.
Sənəddə əməkdaşlıq sahələri və formaları, məxfi məlumatın qorunması ilə bağlı müddəalar, üçüncü ölkələrə satış qaydaları, həmçinin birgə komissiyanın reqlamenti müəyyən edilib. Orada, həmçinin mübahisələrin həlli, sazişin qüvvəyə minməsi və ləğv edilməsi mexanizmləri göstərilib.
Qeyd edilib ki, saziş Ermənistan hökumətinin 2021-2026-cı illər üçün müdafiə sahəsində islahatları nəzərdə tutan proqramı çərçivəsində imzalanacaq.