Müasir texnologiyaların mövcudluğu müstəmləkəçiliyin nəticələrinin qlobal səviyyədə müzakirəsi və dərk edilməsi üçün yeni imkanlar açır.
"Report" xəbər verir ki, bunu antropoloq, "Musée National des Civilisations Noires"un İdarə Heyətinin üzvü, "L"Africaine D"Architecture" platformasının (Toqo) təsisçisi Sename Kofi Aqbocinu Bakıda keçirilən "Neokolonializm və qlobal bərabərsizlik" mövzusunda konfransda bildirib.
O, tədbirin təşkilinə, müstəmləkəçilik mövzusu və onun uzunmüddətli nəticələrinə diqqət yetirilməsinə görə Bakı Təşəbbüs Qrupuna təşəkkürünü bildirib.
Antropoloqun sözlərinə görə, müstəmləkəçilik məsələsi son dərəcə həssas mövzu olaraq qalır və bu barədə danışmaq heç də asan deyil. "Biz hələ də müstəmləkəçilik problemi ilə üzləşirik. Lakin bu gün texnoloji imkanlar sayəsində bu məsələləri beynəlxalq səviyyəyə çıxarmaq və onlar haqqında bütün dünyaya açıq şəkildə danışmaq imkanımız var", - o qeyd edib.
Sename Kofi Aqbocinu vurğulayıb ki, müstəmləkəçilik problemi beynəlxalq hüquq və qlobal bərabərsizlik məsələləri ilə sıx bağlıdır. Onun sözlərinə görə, bu, mürəkkəb və çoxqatlı bir prosesdir. Onun nəticələri ölkələrin və xalqların inkişafına təsir göstərməyə davam edir.