IMG-LOGO

Əlcəzairli ekspert: Neokolonializm qorxu və asılılıq üzərində qurulub

19 Feb 2026 10:37 4 baxış
IMG

Neokolonializm qorxu üzərində qurulub və müstəmləkəçi ilə müstəmləkə halına salınmış xalq arasında asılılığı möhkəmləndirməyə çalışır.

"Report" xəbər verir ki, bunu Əlcəzairin Üç Universitetini təmsil edən fəlsəfə elmləri doktoru, antropoloq, politologiya sahəsində tədqiqatçı Hişam Daud Bakıda "Neokolonializm və qlobal bərabərsizlik" mövzusunda keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, müstəmləkəçilikdən azad olmağın ən yaxşı yolu qorxunu dəf etmək, müstəmləkə vəziyyətinə salınmış xalqların tarixi irsini yenidən qiymətləndirməkdir: "Eyni zamanda, kollektiv yaddaşın öyrənilməsi yolu ilə əsl kimliyin bərpası, eləcə də kommunikasiya mexanizmlərinin gücləndirilməsi, informasiyanın sərbəst və müstəqil yayılması üçün şəraitin yaradılması vacibdir".

Ekspert qeyd edib ki, onun doğma ölkəsi - Əlcəzair - Şimali Afrikada müstəmləkəçiliyin ən qəddar təzahürlərindən birini yaşayıb: "Əlcəzairlilər nəsildən-nəslə ötürülən travma yaşayıblar. İlk növbədə, bunlar işgəncələr və təqiblər idi. İşgəncələr fiziki yaralar qoyur, təqiblər isə psixoloji travma formalaşdırır".

O əlavə edib ki, fransız müstəmləkə ideologiyası fransızları "ali irq" kimi təqdim etməyə çalışıb və bu konsepsiya zamanla daha da güclənib. Ekspertin sözlərinə görə, Fransa "genetik üstünlüyü" sübut etməyə çalışaraq müstəmləkə arxeologiyasına xüsusi diqqət yetirirdi.

Bundan əlavə, o qeyd edib ki, Fransa əlcəzairliləri vətəndaşlıqdan məhrum edib, nəticədə onlar fransızlarla müqayisədə daha aşağı vəziyyətdə olublar.

Xəbər lenti