Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Avstriyanın paytaxtı Vyana şəhərinə rəsmi səfəri çərçivəsində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
"Report" xəbər verir ki, görüş əsnasında 2010-cu ildən etibarən davam edən ATƏT, ATƏT PA və TÜRKPA arasındakı əlaqələrin vəziyyəti, sülhə və əmin amanlığa, konfliktlərin sülh yolu ilə həlli istiqamətində həyata keçirilən işlər müzakirə edilib.
R.Həsən qeyd edilən məsələlərlə bağlı ATƏT və Baş katib Feridun Sinirlioğlu tərəfindən göstərilə biləcək dəstək və töhfənin əhəmiyyətini vurğulayıb.
F.Sinirlioğlu iki təşkilatın mövcud əməkdaşlıq imkanlarına xüsusi diqqət yetiriləcəyini və bu istiqamətdə ATƏT-in səlahiyyətləri çərçivəsində verilə biləcək dəstəklər istiqamətində fikirlərini ifadə edib.
O, həmçinin Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələri dünya və ATƏT-in üzv ölkələri üçün xüsusi əhəmiyyət daşıyır və sülhə xidmət edir:
"Türk dünyasının ortaq məqsədlərinə sahib çıxmaq və ümumbəşəri dəyərlərin daha da gücləndirilməsinə töhfə verməyə hər zaman hazırıq".
Görüşdə eyni zamanda TÜRKPA-nın bu ilin may ayında İstanbul şəhərində keçirilməsi planlaşdırılan "Avrasiyada yeni əməkdaşlıq: Strateji münasibətlərin inkişafında TÜRKPA-nın rolu və parlament diplomatiyası" mövzulu konfransla bağlı fikir mübadiləsi aparılıb, eləcə də digər qarşılıqlı maraq kəsb edən məqamlar haqqında danışılıb.



