IMG-LOGO

Ekspert: Xəzərin dibi ilə boru kəmərlərinin olmaması Mərkəzi Asiya ölkələri üçün risklər yaradır

18 Feb 2026 15:45 2 baxış
IMG

Qlobal qeyri-sabitlik fonunda Xəzər dənizinin dibi ilə boru kəmərlərinin olmaması Mərkəzi Asiya ölkələri üçün əsas problem olaraq qalır.

"Report" xəbər verir ki, bunu Qazaxıstanın Asiya Araşdırmaları İnstitutunun direktoru Sultan Akimbekov Bakıda keçirilən "C6: Vahid region, ortaq gələcək - Strateji dialoqun gücləndirilməsi" mövzusunda beynəlxalq konfrans çərçivəsindəki paneldə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu problem əsasən Xəzər dənizinin dibi ilə boru kəmərlərinin çəkilməsinə qarşı çıxan Rusiyanın mövqeyi ilə bağlıdır.

"Bizim belə neft boru kəmərimiz yoxdur, buna görə də Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Xəzər Boru Kəməri Konsorsiumu ilə bağlı problemlərimiz yarandı. Türkmənistanın da qaz boru kəməri yoxdur, halbuki bu barədə çox fəal danışıqlar aparılırdı", - o qeyd edib.

Ekspert vurğulayıb ki, C6 formatı nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı proseslərin inkişafında mümkün istiqamətlərdən biri ola bilər.

"Xəzər Boru Kəməri Konsorsiumunun terminallarına son hücumlardan sonra Qazaxıstan çox ciddi böhranla üzləşib və biz bu gün Bakı-Tbilisi-Ceyhan marşrutu hesabına bunu kompensasiya edə bilmirik, çünki bu məsələnin həlli üçün Xəzər dənizi vasitəsilə lazımi nəql gücləri mövcud deyil", - Akimbekov bildirib.

O əlavə edib ki, C6 ölkələri üçün əsas təhlükəsizlik çağırışları Xəzər dənizi ətrafındakı mürəkkəb geosiyasi vəziyyətlə şərtlənir.

"Bu gün bir çox problemlər Xəzər dənizinin statusunun tənzimlənməməsindən və Rusiya ilə ABŞ arasında nüfuz uğrunda mübarizə ilə bağlı mürəkkəb geosiyasətdən qaynaqlanır", - ekspert vurğulayıb.

Xəbər lenti