Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sülh Şurasının Qəzzada arzulanan davamlı sabitliyə, atəşkəsə və nəhayət sülhə töhfə verəcəyinə ümid etdiyini bildirib.
"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, Prezident bununla bağlı Efiopiya səfərindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında danışıb.
"Qəzza məsələsi, fikrimcə, bəşəriyyətin vicdan imtahanıdır. Biz bu imtahanda harada dayandığımızı ilk gündən açıq şəkildə ortaya qoymuşuq", - o əlavə edib.
R.T.Ərdoğan deyib ki, bu mövzuda əsas məqsəd atəşkəsi qalıcı hala gətirmək, humanitar yardımları Qəzzaya fasiləsiz şəkildə çatdırmaq və ikidövlətli həll üçün zəmini gücləndirmək olmalıdır:
"Bütün bunlarla yanaşı, Qəzza üzrə Sülh Şurasının da məhz belə bir məqsədə xidmət etməsini arzulayırıq".