IMG-LOGO

Əvəzedicilər Liqasının yeni liderinin baş məşqçisi: "Hər oyuna final kimi yanaşacağıq"

18 Feb 2026 13:34 4 baxış
IMG

Azərbaycanın Əvəzedicilər Liqasında turnir cədvəlinə başçılıq edən "Zirə-2" qarşıdakı oyunlara final kimi yanaşacaq.

Bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Hacı Əhmədov deyib.

Mütəxəssis turnir cədvəlində "Sabah"ın liderliyinə son qoyaraq zirvəyə yüksəlmələrində futbolçuların işə yanaşmasının böyük rol oynadığını söyləyib:

"Düzdür, hələ çempionat yekunlaşmayıb, qarşıda bizi gərgin oyunlar gözləyir. Turnir cədvəlinin üst pillələrində qərarlaşan rəqiblərlə ardıcıl 4 ağır qarşılaşmamız var. Biz hər oyuna final kimi yanaşacağıq. Komandanın durumu yaxşıdır, uşaqlar intizamlıdırlar. Burada təkcə məşqçinin deyil, futbolçuların işə yanaşmasının da böyük rolu var. Rəhbərlik də həmişə arxamızdadır və lazımi köməyi göstərir".

H.Əhmədov çempionluq uğrunda mübarizəni və rəqibləri dəyərləndirib:

"Hazırda beş komanda birinci yer uğrunda ciddi mübarizə aparır. "Qarabağ"ın 24 xalı olsa da, çox yaxşı komandadır. Növbəti oyunumuz məhz onlara qarşıdır. Bizim üçün rəqibin kimliyinin və hansı pillədə olmasının fərqi yoxdur. İstər "Araz-Naxçıvan", istər "Şamaxı", istərsə də digərləri olsun, hər bir rəqibə hörmətlə yanaşırıq və hamısına qarşı eyni motivasiya ilə hazırlaşırıq".

Mütəxəssis əsas komandadan kömək alıb-almayacaqları ilə bağlı sualı da cavablandırıb:

"Niyyətimiz əsas komandadan oyunçu götürmək yox, futbolçu yetişdirib verməkdir. Hazırda bizdən əsas komandanın məşqlərinə qoşulanlar var. Məsələn, 2008-ci il təvəllüdlü Əhliman Süleymanov bəzi oyunlarda əsas komandanın "23-lüy"ündə yer alır. Çempionluq yolunda kömək məqsədilə əsas heyətdən futbolçu gətirilməsinə bəlkə son turlarda baxmaq olar. Amma hələlik belə bir planımız yoxdur".

O, mövsümün əvvəlində qarşıya qoyulan hədəfdən də söz açıb:

"Komandanı yığanda uşaqlara inamım çox idi. Düzdür, qarşımıza çempionluq hədəfi qoymamışdıq, sadəcə, hər oyuna 100 faiz məsuliyyətlə çıxmağı tapşırmışdıq. Şükürlər olsun ki, bu yanaşma bizi bugünkü yerə gətirib çıxardı. Şəxsən özüm üçün ilk 4 pillədə olmağı hədəf qoymuşdum, amma bu barədə uşaqlarla danışmamışdım. İnanıram ki, sona qədər bu mübarizədə qalacağıq".

Qeyd edək ki, "Zirə-2" hazırda 35 xalla turnir cədvəlinə başçılıq edir. "Neftçi-2" və "Sabah-2" (hər ikisi 34 xal) komandaları isə müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar.

Xəbər lenti