IMG-LOGO

Azərbaycan və Ukraynanın minatəmizləmə strukturları arasında yeni əməkdaşlıq formatları hazırlanacaq

18 Feb 2026 12:42 3 baxış
IMG

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovla ötən il Tokioda imzalanmış Əməkdaşlıq Memorandumunun praktiki icrası məsələlərini müzakirə edib.

"Report" xəbər verir ki, səfir bu barədə sosial şəbəkədə yazıb.

"Davam edən genişmiqyaslı Rusiya-Ukrayna müharibəsi şəraitində Ukrayna üçün mühüm prioritetlərdən biri olan humanitar minatəmizləmə sahəsində ikitərəfli əməkdaşlığın vəziyyətini və perspektivlərini müzakirə etdik", - o yazıb.

Tərəflər həmçinin partlayıcı əşyaların aşkar edilməsi və zərərsizləşdirilməsi sahəsində müasir texnologiyaların tətbiqinin, mütəxəssislərin hazırlanmasının, təcrübə mübadiləsinin aparılmasının, eləcə də beynəlxalq humanitar təşəbbüslər çərçivəsində səylərin əlaqələndirilməsinin vacibliyini qeyd ediblər.

Ukrayna tərəfi ardıcıl dəstəyə və həmrəyliyə, o cümlədən artıq bir neçə ildir Ukrayna ərazilərinin partlayıcı əşyalardan təmizlənməsində istifadə olunan "Revival-P" minatəmizləmə maşınının təhvil verilməsinə görə Azərbaycana minnətdarlığını bildirib.

"Görüşün sonunda əməkdaşlığın genişləndirilməsi üzrə konkret addımlar, xüsusilə də ekspertlər arasında dialoqun aktivləşdirilməsi, birgə tədris proqramlarının həyata keçirilməsi və iki dövlətin müvafiq strukturları arasında yeni əməkdaşlıq formatlarının hazırlanması barədə razılaşmalar əldə edilib", - səfir vurğulayıb.

Səfir əlavə edib ki, Kiyev Azərbaycanla humanitar minatəmizləmə sahəsində əməkdaşlığı regional təhlükəsizliyin və beynəlxalq sabitliyin möhkəmləndirilməsinə mühüm töhfə kimi qiymətləndirir.

Xatırladaq ki, ötən ilin oktyabrında Yaponiyanın Tokio şəhərində keçirilən Ukraynada Mina Fəaliyyəti üzrə Konfrans çərçivəsində ANAMA ilə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Xəbər lenti