Mərkəzi Asiya ilə inteqrasiya Azərbaycan üçün sadəcə siyasi bəyanat deyil, konkret iqtisadi, nəqliyyat və enerji layihələri üzərində qurulan real əməkdaşlıqdır.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə "C6: Vahid region, ortaq gələcək – Strateji dialoqun gücləndirilməsi" adlı beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, son beş il ərzində Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri xeyli inkişaf edib:
"Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Şurasında əsas üzvlərdən birinə çevrilməsi də simvolik hadisədir. Bu nöqtəyə çatmaq üçün böyük inteqrasiya prosesi və iqtisadi layihələr həyata keçirilib. Azərbaycanın Çinlə əlaqələri də daha çox inkişaf edir. İki ölkənin əlaqələri Mərkəzi Asiya ölkələri üçün şərait yaradır".
Milli Məclisin üzvü Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsinin də regiondaxili inteqrasiya proseslərinə ciddi təkan verdiyini söyləyib:
"Məhz zəfərdən sonra həm region daxilində, həm də daha geniş məkanda inteqrasiya dinamizmi artdı. Mərkəzi Asiya ölkələri Azərbaycana ilk dəstək verən ölkələr sırasında oldular. Qarabağda Özbəkistan, Qazaxıstan və Qırğızıstan tərəfindən məktəblər inşa edildi, Türkmənistan hökumətinin dəstəyi ilə yeni layihələr həyata keçirilir. Bu siyasi, iqtisadi və maliyyə yardımları əlaqələrimizin möhkəmlənməsinə kömək edib".
F.İsmayılzadə qeyd edib ki, C6 formatı daim fəaliyyət göstərməlidir:
"Konkret layihələri olmalıdır. Bütün proseslər göstərir ki, Mərkəzi Asiya ilə inteqrasiya Azərbaycan üçün sadəcə siyasi bəyanat deyil, konkret iqtisadi, nəqliyyat və enerji layihələri üzərində qurulan real əməkdaşlıqdır. Bu, C6 formatının inkişafına da təsir edir. Bu formatın böyük perspektivi var".