Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məsləhətləşmə görüşləri formatına tamhüquqlu iştirakçı qismində qoşulması (C6 formatı) regionun potensialını keyfiyyətcə genişləndirir və əməkdaşlığa yeni strateji ölçü qatır.
"Report"un məlumatına görə, bunu Qazaxıstan Strateji Tədqiqatlar İnstitutunun baş elmi işçisi Sanat Kuşkumbayev Bakıda keçirilən "C6: Vahid region, ortaq gələcək – Strateji dialoqun gücləndirilməsi" adlı beynəlxalq konfrans çərçivəsindəki paneldə deyib.
Onun sözlərinə görə, formatın genişlənməsi ilə region artıq yalnız qitədaxili region deyil.
"Regionumuz artıq yalnız qitədaxili region deyil və "Cənubi Qafqaz – Türkiyə – Aralıq dənizi" birbaşa bağlantısı əldə edir", - Kuşkumbayev qeyd edib.
Ekspert vurğulayıb ki, ABŞ regionun sənaye siyasətinin koordinasiyasına kömək edə bilər.
"Bu, məsələn, standartların razılaşdırılmasında, xarici bazarlara birgə çıxışda, Avropa İttifaqı, Çin, Yaxın Şərq, Cənubi Asiya ölkələri və digərləri ilə dialoqda kollektiv danışıqlar mövqeyimizin gücləndirilməsində özünü göstərə bilər", - o əlavə edib.