Mərkəzi Asiya Azərbaycan üçün yalnız qonşu deyil, həm də təbii tərəfdaşdır.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "C6: Vahid region, ortaq gələcək – Strateji dialoqun gücləndirilməsi" adlı beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, 2025-ci ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qoşularaq regional əməkdaşlıq mexanizmini C5-dən C6 formatına yüksəldib:
"Daşkənd şəhərində keçirilən 7-ci Məşvərət Görüşündə rəsmiləşdirilən bu qərar regionda əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu mühüm addım Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əlaqələri daha da möhkəmləndirərək Xəzər dənizi hövzəsi boyunca daha inteqrasiya olunmuş geoiqtisadi və geosiyasi məkanın formalaşmasına xidmət edir".
F.ŞƏfiyev vurğulayıb ki, Mərkəzi Asiya Azərbaycan üçün sadəcə qonşu deyil, həm də təbii tərəfdaşdır:
"Ortaq tarix və zəngin mədəni irs mühüm əsas yaratsa da, bugünkü əməkdaşlığımızı fərqləndirən başlıca amil geoiqtisadiyyat - enerji, nəqliyyat, logistika və infrastruktur sahələrində əməkdaşlıqdır. Avrasiya məkanında sabitliyə dair ənənəvi fərziyyələrin aktuallığını itirdiyi şəraitdə bu əlaqələr yeni məna və strateji əhəmiyyət kəsb edir".
O qeyd edib ki, dənizə çıxışı olmayan tərəfdaşlar Azərbaycanın mövcud nəqliyyat və dəniz infrastrukturu sayəsində öz imkanlarını genişləndirə bilərlər:
"Bu, Orta Dəhliz və Xəzər vasitəsilə Türkiyə və Avropa bazarları ilə daha dərin əlaqələrin qurulmasını, həmçinin Qara dəniz və Aralıq dənizi marşrutlarına çıxışı əhatə edir. Sadə ifadə desək, C6 seçim imkanlarını artırır. Müasir dövrdə isə seçim imkanları həyati əhəmiyyət daşıyır. C6 yalnız tranzit dəhlizləri ilə məhdudlaşmamalıdır".
BMTM sədri əlavə edib ki, region ölkələrinin birgə layihələr həyata keçirə biləcəkləri müxtəlif sahələr var:
"Bərpaolunan enerji, texnologiya mübadiləsi və enerji infrastrukturunun modernləşdirilməsi sahələrində birgə layihələr və koordinasiyalı planlaşdırma vasitəsilə konkret və ölçülə bilən nəticələr əldə etmək üçün geniş imkanlar mövcuddur".