Azərbaycan Suriya Ərəb Respublikasında dağıdılmış və ya zədələnmiş məktəblərin tikintisi və təmirinə dəstək göstərəcək.
"Report" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, fevralın 17-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Rabat şəhərində yerləşən Baş qərargahında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Suriya Ərəb Respublikasının təhsil naziri Dr. Mohammed Abdulrahman Turko və ICESCO-nun Baş direktoru Dr. Salim bin Məhəmməd əl-Malikin iştirakı ilə "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb.
Sözügedən Sazişə əsasən, Azərbaycan Respublikası tərəfindən Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpasına dəstək göstərilməsi məqsədilə 10-a yaxın yeni məktəb binasının tikintisi və 100-ə yaxın zədələnmiş məktəbin əsaslı təmiri həyata keçiriləcək.
İmzalanma mərasimi zamanı çıxış edən elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanın dəstəyi ilə Suriyada təhsil infrastrukturunun bərpasına yönəlmiş təşəbbüsün əhəmiyyətini vurğulayıb. Nazir bildirib ki, həyata keçiriləcək bu təşəbbüs Suriya Ərəb Respublikasında uşaqlar və gənclər üçün təhlükəsiz, müasir və keyfiyyətli təhsil mühitinin yaradılmasına xidmət edəcək.
ICESCO-nun Baş direktoru Dr. Salim bin Məhəmməd əl-Malik çıxışında imzalanmış Sazişin Suriyada təhsil infrastrukturunun bərpasına mühüm töhfə verəcəyini, eyni zamanda, İslam dünyası ölkələri arasında əməkdaşlığın və həmrəyliyin daha da güclənməsinə xidmət edəcəyini vurğulayıb.


