Rusiyanın İrkutsk şəhərinin Sverdlovsk Rayon Məhkəməsi sığorta ödənişləri almaq məqsədilə yol qəzalarını səhnələşdirən mütəşəkkil dəstənin üzvünə hökm oxunub. Məlumata görə, vətəndaş sığorta sahəsində dələduzluq etməkdə təqsirli bilinib. Ona 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub və cəzanı ciddi rejimli islah müəssisəsində çəkəcək.
Lent.az-ın yerli mediaya istinadla məlumatına görə, məhkəmə müəyyən edib ki, 2019-cu ildə İrkutskda Azərbaycan Respublikasından olan bir şəxs 39 nəfərdən ibarət cinayətkar qrup yaradıb və təqsirləndirilən şəxs də həmin qrupa daxil olub. Qrup üzvləri 2010-cu ilədək buraxılmış işlənmiş yapon avtomobillərini məqsədli şəkildə alıb qohum və tanışlarının adına rəsmiləşdiriblər. Belə avtomobillər üçün qəza zamanı ən yüksək sığorta ödənişi nəzərdə tutulur, eyni zamanda bərpa-təmir xərcləri aşağı göstərilirmiş. Cinayətkar qrup üzvləri pul müqabilində səhnələşdirilmiş qəzaların “təqsirkarı” qismində çıxış edəcək şəxslər də tapırmışlar.
İbtidai istintaq zamanı təqsirləndirilən şəxs istintaqla əməkdaşlıq haqqında məhkəməyədək saziş bağlanması barədə vəsatət qaldırıb, təqsirini tam etiraf edib və istintaqa fəal şəkildə kömək göstərib. Ondan həmçinin sığorta şirkətlərinin xeyrinə 5 milyon rubldan artıq vəsait tutulub.
Qruplaşmanın rəhbəri və digər iştirakçılar barəsində cinayət işləri hazırda ibtidai istintaq mərhələsindədir və ya məhkəmədə baxılır.
Sğorta şirkətləri azərbaycanlı dəstə başçısı