Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 17-18-də qərb küləyinin güclənməsi və havanın temperaturunun tədricən yüksəlməsi fonunda bəzi yüksək dağlıq ərazilərdə qar uçqunu olması ehtimalı var.
"Report" xəbər verir ki, bununla əlqədar Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladıb.
"Belə ki, qar uçqunundan qorunmaq üçün uçqun ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək, qar uçqunu başladıqda isə dərhal qaçaraq onun yolu üstündən kənara çıxmağa çalışmaq, yaxınlıqdakı qayanın çıxıntısı altında gizlənmək lazımdır" , - məlumatda bildirilib.
Qeyd olunub ki, əgər qar uçqunundan qaçıb qurtulmaq mümkün deyilsə, çanta və bu kimi digər əşyaları kənara atın, çömələrək dizlərinizi özünüzə sıxıb bədəninizi axının hərəkət istiqamətinə yönəldin:
"Nəfər yollarını qorumaq üçün ağız və burunu şərf, əlcək, yaxud paltarın yaxalığı ilə örtmək lazımdır".
Bildirilib ki, insanlar qolları ilə suda üzən kimi hərəkət edib uçqunun səthinə və ya kənarına çıxmağa çalışmalıdırlar. Həmçinin axın dayandıqda qar altında rahat nəfəs almaq üçün döş qəfəsi və üz ətrafında boşluq yaratmaq tövsiyə olunur.
"Uçqunun səthinə tərəf hərəkət etməyə çalışın (səthin harada olduğunu ağızdan axan selikin istiqamətinə görə təyin etmək olar) və qar altından müstəqil çıxa bilmirsinizsə, qışqırmaq və sair hərəkətlər etməyin. Bu, sizin qüvvənizi, ətrafınızdakı oksigeni və istiliyi azaldır" , - məlumatda bildirilib.
Soyuqqanlı olmaq, yuxuya getməmək məsləhət görülüb:
"Təhlükə zamanı 112-yə zəng edin".