Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Azərbaycanı davamlı inkişaf, iqtisadi artım və birgə firavanlığın ümumi baxışına əsaslanan strateji münasibətlər birləşdirir.
"Report"un məlumatına görə, bunu bu ölkənin iqlim dəyişiklikləri və ətraf mühit naziri Əmna Əldahak Əl Şəmsi Azərbaycan və BƏƏ arasında qida və kənd təsərrüfatı məsələlərinə dair dəyirmi masada çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, quraq iqlim və mürəkkəb təbii şəraitə baxmayaraq, BƏƏ aqro-ərzaq sektorunun inkişafı üçün süni intellekt əsaslı həllər daxil olmaqla qabaqcıl texnologiyaları fəal şəkildə tətbiq edir.
Nazir bildirib ki, Azərbaycanla mövcud əməkdaşlıq birgə fəaliyyətin aydın yol xəritəsini hazırlamağa imkan verəcək: "Bu bizə irəliləyişi sistemli şəkildə izləməyə, əsas mərhələləri müəyyən etməyə, bugünkü müzakirədən başlayan təşəbbüslərin nəticələrini qiymətləndirməyə və onları praktik müstəviyə keçirməyə imkan verəcək".
O, həmçinin qeyd edib ki, BƏƏ Azərbaycanla həm hökumətlərarası səviyyədə, həm də B2B formatında əməkdaşlığı genişləndirmək niyyətindədir.