"Qəbələ"nin qış transfer dövrü ilə bağlı planlarının hamısı demək olar ki, həyata keçib.
Bu barədə "Report"a bölgə təmsilçisinin idman dirketoru Səbuhi Səfiyarlı açıqlama verib.
Klub rəsmisi qış fasiləsində reallaşan transferlər barədə danışıb:
"Beş oyunçu götürəcəyimizi bilirdik. Üçü əcnəbi, ikisi yerli olmaqla planımız həyata keçdi. Hücuma Seydina Keyta və İsmael Akinadeni transfer etdik. Təlim-məşq toplanışı zamanı komandaya qoşuldular. Qapıda rəqabəti artırmaq üçün yerli qapıçı fikirləşirdik və Rza Cəfərovu son anda icarəyə götürdük. Dayaq yarımmüdafiəçisi mövqeyində Xayme, Şahin Şahniyarov və Fərid İsgəndərov var idi. Ancaq Şahinlə Fəridin Premyer Liqa təcrübəsi kifayət qədər deyildi. Təcrübəli yerli yarımmüdafiəçilər tapmaq çətin idi. Bu səbəbdən sonuncu əcnəbi transferimiz Sambu Sissokonu "Valansyen"dən icarəyə götürdük".
S.Səfiyarlı heyətin komplektləşməsi və bəzi mövqelər üzrə seçim prosesindən söz açıb:
"Dayaq yarımmüdafiəsi və sol cinah müdafiəsi mövqeləri qalmışdı. Təcrübəli yerli oyunçuların klubları ilə müqaviləsi olduğundan, məcburiyyətdən sonuncu əcnəbi limitimizi dayaq zonasına istifadə etdik. Sol cinah üçün isə Turan Manafovu icarəyə götürdük. Hazırda beş transferdən üçü icarədir, bu da bizi qane edir. Məqsədimiz mövsümün sonuna qədər onları görmək, uyğunlaşma prosesini izləməkdir. Artıq sifariş vərəqəmiz dolub, "transfer pəncərəsi" bağlandığı üçün yeni oyunçu götürməyəcəyik".
O, yeni qoşulan futbolçuların hazırkı vəziyyətinə də toxunub:
"Akinade və Keyta, demək olar ki, bütün oyunlarda iştirak edirlər. Turan Manafov da yavaş-yavaş formaya düşür. Rza artıq iki oyuna çıxıb və xoş təsir bağışlayıb. Səlahətlə birlikdə qapı xəttində yaxşı tandem olacaqlarını düşünürük. Sissoko da təcrübəli oyunçudur, Fransada, Ukraynada oynayıb. Bəzi problemlərə görə 4 aylıq icarəyə gələ bildi. Hələ ki, hər şey qaydasındadır".
Qeyd edək ki, "Qəbələ" hazırda Misli Premyer Liqasının turnir cədvəlində 14 xalla 10-cu pillədə qərarlaşıb.