Gürcüstan Dəmir Yolları Rusiya ilə Gürcüstan arasında dəmir yolu nəqliyyatının bərpası ilə bağlı yayılan məlumatları təkzib edib.
"Report"un Gürcüstan bürosunun məlumatına görə, qurumdan bildirilib ki, Rusiya ilə dəmir yolu əlaqəsinin, o cümlədən Abxaziya ərazisindən keçən marşrutun bərpası ilə bağlı heç bir müzakirə aparılmır və bu mövzunun gündəmə gətirilməsinin səbəbi onlara məlum deyil.
Məlumat üçün qeyd edək ki, bundan əvvəl Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Rusiya mediasına verdiyi açıqlamada Qafqazda zədələnmiş nəqliyyat marşrutlarının, o cümlədən Rusiya ilə Gürcüstan arasında Abxaziya üzərindən dəmir yolu xəttinin bərpası imkanları üzərində iş aparıldığını bildirmişdi.
Gürcüstan Dəmir Yolları isə bu bəyanata cavab olaraq vurğulayıb: "Gürcüstan Dəmir Yollarında Rusiya ilə Gürcüstan arasında dəmir yolu nəqliyyatının bərpası ilə bağlı heç bir söhbət getmir. Bu səbəbdən məsələnin niyə gündəmə gətirildiyi bizim üçün tam aydın deyil".