Azərbaycanda bəzi futbolçular oyunun gedişatına birbaşa, nəticə dəyişməsə belə təsir etməyin də manipulyasiya kimi qiymətləndirilə biləcəyini tam dərk etmirlər.
Bunu "Report"a açıqlamasında AFFA-nın Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəisi Naib Əsədov deyib.
O, artıq üç aya yaxındır davam edən təlimlərin əsas məqsədindən və futbolçuları maraqlandıran məqamlardan danışıb:
"Seminarlar mərhələli şəkildə davam edir. Təlimlər zamanı diqqət çəkən əsas məqamlardan biri futbolçuların bir hissəsinin oyunun gedişatına birbaşa, nəticə dəyişməsə belə təsir etməyin də manipulyasiya kimi qiymətləndirilə biləcəyini əvvəlcədən tam dərk etməməsi oldu. Bu da onu göstərir ki, maarifləndirmə işi vacib və zəruridir. Seminarlar məhz bu cür yanlış və natamam təsəvvürlərin aradan qaldırılmasına xidmət edir".
Təlimlərdə ən çox verilən suallara toxunan şöbə rəhbəri iştirakçıların əsasən cinayət məsuliyyəti ilə maraqlandığını qeyd edib:
"Ən çox ünvanlanan suallardan biri təlimlərin niyə aşağı yaş qruplarını da əhatə etməsi ilə bağlıdır. Futbolçular bunun səbəblərini öyrənmək istəyirlər. Tez-tez verilən suallardan biri də bu cür təlimlərin yalnız futbolçula, yoxsa hakimlər və digər futbol subyektləri üçün də keçirilib-keçirilməməsidir. Həm futbolçuların, həm də məşqçilərin və digər klub üzvlərinin ən çox maraqlandığı məsələlərdən biri oyunların manipulyasiyasının hüquqi nəticələridir. Xüsusilə bu cür halların cinayət məsuliyyəti yaradıb-yaratmadığı ilə bağlı suallar üstünlük təşkil edir. Təlimlər zamanı bu mövzuda ümumi çərçivə izah edilir və iştirakçılara risklərin nə qədər ciddi olduğu çatdırılır".
Hazırda əsas diqqətin Premyer Liqa, I Liqa və II Liqaya yönəldiyini deyən AFFA rəsmisi fəaliyyət dairəsinin genişlənəcəyini bildirib:
"Təlimlər bu istiqamətdə davam etdirilir. Bununla yanaşı, region klublarına yenidən səfərlər planlaşdırılır. Həmçinin Region Liqasında çıxış edən klublar üçün də bu cür təlimlərin təşkili nəzərdə tutulub. Məqsəd bu sahədə maarifləndirməni davam etdirmək və daha geniş auditoriyanı əhatə etməkdir".