Keçən il bələdiyyənin vəzifəli şəxsləri tərəfindən törədilən inzibati xətaların sayı əhəmiyyətli dərəcədə azalıb.
"Report" xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov parlamentdə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci il üzrə illik məruzəsi ilə bağlı çıxışı zamanı deyib.
Nazir müavini xatırladıb ki, keçən ildən etibarən inzibati nəzarət qaydasında baxılması üçün ölkə üzrə bütün bələdiyyə aktları qanunvericiliyin tələblərinə uyğun olaraq "Bələdiyyələrlə iş" informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilir:
"Artıq Naxçıvanda fəaliyyət göstərən bütün bələdiyyələrin aktlarının da informasiya sisteminə yerləşdirilməsi təmin olunub. Görülən tədbirlər nəticəsində bələdiyyə aktlarının vaxtında təqdim edilməməsi halları, eləcə də bununla bağlı bələdiyyənin vəzifəli şəxsləri tərəfindən törədilən inzibati xətaların sayı əhəmiyyətli dərəcədə azalıb".
Onun sözlərinə görə, ötən il İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 50 inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib:
"Həmin protokollar əsasında 43 bələdiyyənin vəzifəli şəxsi məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb olunub. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə tərtib edilən protokolların sayı 103 olub".