IMG-LOGO

"Bloomberg": Rusiya ABŞ ilə tərəfdaşlıq üçün dollarla hesablaşmalara qayıtmaq istəyir

13 Feb 2026 00:44 3 baxış
IMG

Kreml ABŞ Prezidenti Donald Trampın administrasiyası üçün Rusiyanın dollarla hesablaşmalara qayıtmasını nəzərdə tutan təkliflərdən ibarət memorandum hazırlayıb.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Rusiyanın yüksək rütbəli məmurları arasında yayılmış daxili sənədə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, bu təşəbbüs Birləşmiş Ştatlarla genişmiqyaslı iqtisadi tərəfdaşlığın genişlənməsinə kömək edəcək.

Dollar sisteminə - o cümlədən Rusiyanın enerji daşıyıcıları ilə əməliyyatlar üçün - qayıdış sənədin yeddi bəndindən biri kimi göstərilib. Agentliyin qiymətləndirməsinə görə, belə bir addım əvvəlki kursun kəskin şəkildə dəyişməsi demək olar və dünya maliyyə sisteminə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Sənəddə həmçinin Moskva və Vaşinqtonun maraqlarının potensial üst-üstə düşmə istiqamətləri təsvir olunur. Onların arasında neft və mayeləşdirilmiş təbii qaz üzrə birgə layihələr, o cümlədən şelf yataqları yer alır. Siyahıda həmçinin xammal, nüvə enerjisi və süni intellekt sahəsində əməkdaşlıq da var. Bundan əlavə, uzunmüddətli aviasiya müqavilələri, habelə Amerika şirkətlərinin Rusiya bazarına qayıtması üçün güzəştli şərtlər qeyd olunub. İqlim gündəminə alternativ olaraq qalıq yanacaqların dəstəklənməsi xüsusi vurğulanır.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Bloomberg"ə məsələ ilə bağlı hər hansı şərh verməyib.

Xəbər lenti