IMG-LOGO

"Qarabağ" klubunun prezidenti "Neftçi"yə təşəkkür edib

12 Feb 2026 22:16 5 baxış
IMG

"Qarabağ" klubunun prezidenti Tahir Gözəl "Neftçi"yə təşəkkür edib.

"Report" xəbər verir ki, bu barədə "köhlən atlar"ın rəhbəri klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

O, "Ağdam" təmsilçisinin "Nyukasl"la pley-off oyunları arasında cəmi 6 gün fasilə olduğunu və bu müddətdə komandanın İngiltərəyə uzun səfər edəcəyini nəzərə alaraq Misli Premyer Liqasının XXI turunda keçirilməli olan oyunun təxirə salınmasına razılıq verdiyi üçün "Neftçi"yə təşəkkür edib:

"Oyunun təxirə salınması ilə bağlı göstərilən anlayış və konstruktiv mövqeyə görə "Neftçi" rəhbərliyinə və İdarə Heyətinə səmimi təşəkkürümü bildirirəm. "Neftçi" klubu bu qərarı ilə bir daha öz futbol ənənəsinə, əsalətinə və Azərbaycan futbolunun ümumi maraqlarına sadiqliyini nümayiş etdirdi. Bu addım sübut etdi ki, rəqabət nə qədər prinsipial olsa da, milli ruh, qarşılıqlı hörmət və birlik hər zaman prioritet olaraq qalır.

İnanıram ki, bu cür yanaşmalar ölkə futbolunun inkişafına və klublar arasında sağlam münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, müraciətimizə əsasnaməyə uyğun, operativ və obyektiv şəkildə yanaşdığına görə Peşəkar Futbol Liqasına minnətdarlığımı bildirirəm. "Neftçi"yə gələcək fəaliyyətində uğurlar arzulayıram".

Qeyd edək ki, Premyer Liqanın XXI turunda üz-üzə gələcək "Neftçi" və "Qarabağ" komandalarının fevralın 21-nə nəzərdə tutulan oyunu təxirə salınıb. "Qarabağ"ın Peşəkar Futbol Liqasına rəsmi müraciəti, "Neftçi" klubunun razılıqla bağlı rəsmi cavabı əsasında qarşılaşma başqa tarixdə keçiriləcək.

Xəbər lenti