Azərbaycanda dövlətin və dini mərkəzin bölgədə sülhə nail olmaq yolunda bərabər çıxış etdiyi bir vaxtda Ermənistanda siyasi səylərə əks olaraq erməni kilsəsinin sülhə deyil, revanşizmə meyllənməsi dini tolerantlıq, dinc birgəyaşayış prinsiplərinə qətiyyən uyğun deyil.
"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Şeyxülislam A. Paşazadə Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq modelinin tarixi və müasir məqamlarına aydınlıq gətirib.
Səmimi qəbula görə QMİ sədrinə minnətdarlığını bildirən Betsi Berns Korn Azərbaycanın dinlərarası əməkdaşlıq sahəsində zəngin təcrübəsini, tolerantlıq mühiti, multikultural dəyərləri barədə məlumatlı olduqlarını və bu baxımdan Azərbaycanın dini mühiti ilə yerində tanış olmaq fürsətini yüksək dəyərləndirdiklərini ifadə edib.


