Bütün ermənilərin katolikosu II Qareginin qohumu, Erməni Apostol Kilsəsinin Araqatsotn yeparxiyasının rəhbəri yepiskop Mkrtıç Proşyan istintaq təcridxanasından azad edilərək ev dustaqlığına buraxılıb.
"Report" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə onun vəkili Ara Zoqrabyan sosial şəbəkələrdə məlumat verib.
Onun sözlərinə görə, məhkəmə müvafiq qərarı bu gün qəbul edib.
Qeyd edək ki, o, keçən ilin oktyabrın 16-da həbs edilmişdi, yanvarın 26-da isə məhkəmə onun həbsini bir ay müddətinə uzatmışdı. Lakin indi qətimkan tədbiri dəyişdirilib. Bu isə bir sıra məhdudiyyətlər, o cümlədən ibadətlərdə iştirak edə bilməməsini nəzərdə tutur.
İstintaq onu yığıncaq və mitinqlərdə iştiraka məcbur etməkdə ittiham edib.